...

Ərini öldürən qadına qarşı şahid ifadələri dinlənilib

Hadisə Materials 13 İyun 2016 15:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Ərini öldürən qadına qarşı şahid ifadələri dinlənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən X.İsgəndərovanın qardaşı İlyas İbrahimov bildirib ki, hadisə baş verən gün İstanbulda olub və hadisədən bir gün sonra baş verənləri qardaşı Knyazdan eşidib.

Prosesdə şahid qismində Kiyafət Zeynalabdinova ifadə verib. O, ifadəsində hadisədən bir gün qabaq X.İsgəndərova ilə danışdığını deyib: "Uzaq qohumuq. Füzuli müəllim ölməmişdən bir gün qabaq gecə saatlarında Xalidə mənə zəng edib anasının təzyiqinin düşdüyünü dedi. Mən də təcili yardım çağırmalarını məsləhət gördüm. 15 dəqiqədən sonra yenidən Xalidəyə zəng elədim, vəziyyəti soruşdum. O isə sabah öz həkimlərinə aparacaqlarını dedi. Səhəri zəng edib vəziyyəti öyrənmək istədim. Telefonu Bülbül götürdü. Ağlaşma idi. Bülbül dedi ki, evimizə oğru girib, atamı öldürüblər".

Şahid qismində ifadə verən F.İsgəndərovun bacısının əri Mahir Süleymanov isə bildirib ki, o, Füzuli ilə çox yaxın dost olub: "Şərikim olub. Bu qadın isə şeytandır. Bizim düşmənimizdir. Heç zaman bizi istəməyib. Həmişə düşmənçilik yaradıb. Füzuli ilə də yola getməyib. Yazıq dostumun üzünü-gözünü cırırdı. Qonşu olmuşuq. Xalidənin əlindən evi satıb oradan qaçmışıq. Hadisə olan gün evdəydik. Əmanə oğlum Orxana zəng edib atasının vurulduğunu dedi. Tez bir zamanda Füzuligilə gəldik. Füzuli qanın içində yerdə idi. Tez xəstəxanaya çatdırdıq. Həkim müayinə edən zaman keçindiyini dedi. Xalidə ilkin ifadələrində Füzulini mənim öldürdüyümü deyib. Bilmirəm, haradan, hansı fakta əsaslanıb. İnsan qardaş bildiyini öldürərmi? O gündən Xalidədən şübhələndim. Çox aqressiv qadın idi. O, həmişə Füzulini öldürməklə təhdid edirdi".

Mərhum F.İsgəndərovun qardaşı Nizami İsgəndərovun həyat yoldaşı Nailə İsgəndərova isə bildirib ki, qətlin X.İsgəndərova tərəfindən törədilməsindən şübhələnib.

Proses iyunun 20-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il 2014-cü ildə Xətai rayonun qeydə alınıb. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı mənzilində öldürülüb. Hüquq Mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Onu da qeyd edək ki, F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti