Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə son söz deyən təqsirləndirilən şəxslər T.Bağırov və B.Əsgərov günahsız olduqlarını bildiriblər.
Proses fasilədən sonra davam edəcək.
Ötən məhkəmə prosesində çıxış edən prokuror T.Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadənin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri - Rasim Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Abbas Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.