...

Binəqədidə yanan binada təqsirləndirilən şəxslərə bəraət istənildi (YENİLƏNİB)

Hadisə Materials 17 Yanvar 2017 15:17 (UTC +04:00)
Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Binəqədidə yanan binada təqsirləndirilən şəxslərə bəraət istənildi (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin mayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən təqsirləndirilən M.Mahmudovun vəkili İlhamə Həsənova Binəqədi rayonunda baş vermiş yanğının cinayət hadisəsi olmadığını iddia edib:

"Yanğının baş verməsində cinayət tərkibi yoxdur, ona görə də yanğını törədəni, yəni hadisənin əsas təqsirkarını axtarmaq lazım idi”.

Vəkilin sözlərinə görə, işlər müqavilə və smeta sənədləri əsasında həyata keçirilib, material nəinki bu şirkətdə, ümumiyyətlə, Azərbaycanda istehsal olunmur, Türkiyədən bütün qatqılar qatılmış şəkildə alınır.

Daha sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər isə məhkəmədən vaxt tələb ediblər.

Proses yanvarın 23-də davam etdiriləcək.

Xatırladaq ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror çıxışında M.Mahmudovun 10 il, U.Bəşirovun 8 il, Ə.Əsgərov, Q.Novruzov və Ə.Rəcəbovun 7 il, N.Orucov, A.Məmmədov və A.Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi M.Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru U.Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ə.Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi N.Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Q.Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri A.Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru A.Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti