...

Külli miqdarda qızıl-zinət əşyaları və pul olan seyfdən oğurluq edənlər saxlanılıb (FOTO)

Hadisə Materials 31 Avqust 2017 13:15 (UTC +04:00)
Binəqədi rayonunda içində külli miqdarda qızıl-zinət əşyaları və pul olan seyfdən oğurluq edən şəxslər saxlanılıb.
Külli miqdarda qızıl-zinət əşyaları və pul olan seyfdən oğurluq edənlər saxlanılıb (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda içində külli miqdarda qızıl-zinət əşyaları və pul olan seyfdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 avqustda vətəndaş Qardaşxan Orucov Daxili İşlər Nazirliyi (DİN) “102” Zəng Mərkəzinə məlumat verərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfin qapısının qırılaraq içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin paytaxt sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman R.Məmmədoun üzərindən 10,2 qram narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırmalar zamanı R.Məmmədovun hadisə günü oğurluq etdiyi evə Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Mirzəhüseyn Balayevin idarə etdiyi “Kia” markalı avtomobillə getdiyi məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də tutulub.

R.Məmmədov istintaqa ifadəsində qeyd edilən evdən başqa, Biləcəri qəsəbəsində yerləşən daha bir mənzildən məişət, həmçinin digər qiymətli əşyyalar oğurladığını bildirib.

İstintaq zamanı müəyyən edilib ki, R.Məmmədov sözügedən mənzildən oğurladığı qızıl-zinət əşyalarının bir qismini, eləcə də 2 ədəd qadın xəz dəri gödəkçəsini gizlətmək üçün qohumlarından birinə verib. Qeyd edilən qızıllar və digər maddi sübutlar R.Məmmədovun gizlətdiyi evdən aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində R.Məmmədovun taladığı qızıl-zinət əşyalarının bir hissəsini 15000 manata Bakı şəhər sakini, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Xanbaba Səfərova satdığı müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs də saxlanılıb və ondan oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti