...

Torpağa görə qardaşını güllələyib öldürənin məhkəməsi başladı

Hadisə Materials 10 Aprel 2018 12:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində doğma qardaşını qətlə yetirməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Torpağa görə qardaşını güllələyib öldürənin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində doğma qardaşını qətlə yetirməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib və iş üzrə ittiham olunan Ş.Məhərrəmov ittihama münasibət bildirib. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini desə də, ittihamda qeyd edilən bəzi məqamlarla razılaşmayıb.

Bildirib ki, 2005-ci ildə 4 hektar torpaq sahəsində 3 qardaş təsərrüfatla məşğul olub. Bir müddətdən sonra qardaşlar torpaq sahəsini aralarında bölmək istəyiblər. Lakin, qardaşlar arasında mübahisə yaranıb: "Böyük qardaşım Səməd Məhərrəmov buna etiraz etdi və torpaq sahəsini heç kimlə bölməyəcəyini dedi. Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Ərazidə iş gedirdi, xətt qırılmasın deyə. Arxadan yaxınlaşıb məni təpiklə vurdu. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirib ona dedim ki,səni öldürəcəm. O isə "səndə o ürək hardandır?" dedi. Buna görə də onu vurdum. Mən əsəblərimi cilovlaya bilmədim".

Məhkəmənin növbəti prosesi aprelin 19-na təyin edilib.

İttihama görə, 2017-ci il oktyarın 30-da Xızı rayonunda, rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti