...

Ağcabədidə piyada əleyhinə mina və raket tapılıb (FOTO)

Hadisə Materials 29 Aprel 2018 15:05 (UTC +04:00)
Ağcabədidə piyada əleyhinə mina və raket tapılıb
Ağcabədidə piyada əleyhinə mina və raket tapılıb (FOTO)

Bakı. Trend:

Ağcabədidə piyada əleyhinə mina və raket tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ötən gün saat 18:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçiriblər, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd raket (PQ-7) aşkar olunub. Aşkar olunmuş mina və raketin daşınmasının təhlükəli, havanın isə qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş obyektlər və ərazi mühafizə üçün işarələnərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Əməliyyat axtarış tədbirləri 2018-ci ilin 29 aprel tarixində səhər saatlarından davam etdirilib, əməliyyat zərurəti ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi cəlb olunub, yuxarıda qeyd olunmuş obyektlərdən başqa daha 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub. Aşkar olunmuş 2 ədəd raket və 1 ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş mina və raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 29 aprel 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, 8 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 11 otlaq sahəsinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, Qarqar çayına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 472 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 76 365 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti