Bakı. Trend:
Bakıda narkotik alverçisi olan qadın saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Şəms Səmədovanın evində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun satdığı narkotik vasitənin əvəzində bacısından aldığı 5 ədəd mobil telefon və 1020 manat pul, eləcə də T.Qasımovdan aldığı 12 ədəd mobil telefon, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 2340 manat pul aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının mayın 18-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.
Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib.
Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.