Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.
Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş bir bükümdə 320,105 qram narkotik vasitə-kokain, çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün əməliyyat tədbiri həyata keçirilib. Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib. Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı 2 bükümdə, ümumi çəkisi, 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə-kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin" adlı dərman preparatı isə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Qeyd edək ki, aşkar edilən "preqabalin" adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 21 qram, MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsinin ümumi miqdarı isə 378,402 qramdır.