...

Həyat yoldaşımı feministlərə qoşulduğu üçün öldürmüşəm - Təqsirləndirilən şəxs

Hadisə Materials 10 Mart 2022 14:06 (UTC +04:00)
Həyat yoldaşımı feministlərə qoşulduğu üçün öldürmüşəm - Təqsirləndirilən şəxs

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Sevinc Qarayevanın atası Yalçın Məhərrəmov bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən narazılıq edib.

"Ailə qurandan 3 ay sonra ailədə narazılıqlar başlayıb. Tez-tez mübahisə olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Qızımın şəraiti yox idi. Bu da evdə söz-söhbətlər yaradırdı. Axırıncı dəfə oğlanın işi polisə verilmişdi. İşi polisdə idi. Yəqin ki ona görə öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını qətlə yetiriblər. Mən də gəldim", - zərərçəkmiş deyib

Təqsirləndirilən şəxs Füzuli Qarayev isə bildirib ki, zərərçəkmişlər yalan danışır:

"Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atasının evinə. Dedi darıxıram. Bir müddətdən sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçdı getdi. Axtardım tapmadım. Axırıncı dəfə də evdən qaçanda qayınatamı zəng edib çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim mən niyə öldürürəm"?

Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova bildirib ki, qızı ailə qurandan problem yaşayıb.

"Həmişə evində qırğın-dava olurdu. Uşaqlarla qorxudurdu ki, gəlməsə, uşaqları öldürəcəm. Qızım qaçıb ya bizə gəlirdi, ya xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara deyirdi.

Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis döyülmüşdü. Sevinc gəldi bizə, bədəni gömgöy idi. Bir neçə gün qaldı bizdə. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü. Qızımı hədələyirdi ki uşaqları öldürəcəm. O da qorxurdu", - deyə M.Məhərrəmova deyib.

Mərhumənin anası qızının feministlərə qoşulmasının normal hal olduğunu deyib: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox".

Təqsirləndirilən şəxs F.Qarayev bildirib ki, onun həyat yoldaşını yoldan çıxarıblar: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşub. Qayınanam öz qızını oğurluğa vadar edib. Özü qızı ilə birlikdə Optimal marketdən oğurluq edib. Bunun tərbiyə verdiyi qız bundan artıq olmayacaq ki?. Yoldaşım feministlərə qoşulduğundan məni saymırdı, qətlin səbəbi də budur".

Zərərçəkmişin qonşusu Əli Həmidov bildirib ki, Füzuli həyat yoldaşını qətlə yetirəndən sonra onlara gəlib: "Əl-üzünü yuyandan sonra polisə zəng vurdu ki, yoldaşımı qətlə yetirmişəm. Polis də gəldi apardı.

Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, evdə yoxdur, hara qaçıb bilmirəm. Deyirdi ki, Sevinc feministlər qoşulub, onların yanına qaçır tez-tez. 10 ildir ki, Fizulini qonşu kimi tanıyıram. Gəlib-gedirdilər bizə, biz də gedirdik. Amma bilmirdim evində problem olmasını. Hadisə olandan sonra bilmişəm ki, ailədə münaqişə olurmuş. Füzulini ömrü boyu dava edən görməmişəm. Qonşulardan heç kim ondan şikayət etməyib".

İttihama görə, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti