Bakı. Trend:
Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirmişdir. O, hadisə yerindən qaçsa da atası saxlanılmışdır. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Trend xəbər verir ki, bu barədə Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal
İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb
edilmiş və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan
tədbiri seçilmişdir. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi
ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40
ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş
marixuana da aşkar edilərək götürülüb.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam
etdirilir.