Kəlbəcər. Trend:
Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi Ermənistanın Azərbaycana qarşı terror aktlarını hələ də davam etdirməkdə olduğunun göstəricisidir. Bu minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.
Trend-in Kəlbəcərdə mina partlayışı baş vermiş əraziyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov deyib.
Onun sözlərinə görə, Çıraq kəndindən nə Birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsində heç bir müdafiə xətti keçməyib: "Hər hansı hərbi zərurətin olmadığı halda bu ərazilərdə minaların insan tələfatı məqsədi ilə basdırılması qarşı tərəfin terror fəaliyyətlərinin sübutudur. 2021-ci il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olması da məhz erməni terrorçularının fəaliyyətinin nəticəsidir. Bildiririk ki, vətəndaşlarımızın tələfatı ilə nəticələnən bütün bu terror aktlarına görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Xatrıladaq ki, Vətən Müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb, onlardan 123 nəfər mülki şəxs, 153 nəfər hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu). 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).