Bakı. Trend:
Türkiyədə baş verən zəlzələ nəticəsində bu günə qədər 4 Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumatda deyilir.
"Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!", - XİN bildirir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
16 546 insan həlak olub, 66 132 nəfər yaralanıb.