...

FHN Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb (VİDEO)

Hadisə Materials 17 Mart 2024 01:41 (UTC +04:00)
FHN Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb.

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti