İyulun 13-də Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində 6 Azərbaycan vətəndaşı yaralanıb. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, iyulun 13-də səhər Qazıantep əyalətində Şanlıurfa-Qazıantep magistralında içərisində Azərbaycan rəqs kollektivi üzvlərinin olduğu avtobus avtomobillə toqquşub.
Nəticədə 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Yol-nəqliyyat hadisəsinə səbəb minik avtomobili sürücüsünün sürəti artırması olub. Nəticədə avtomobildə olan şəxslər həlak olub.
Eyni zamanda 6 Azərbaycan vətəndaşı yaralanıb: Günay Piriyeva (13 yaş), Samirə Əliyeva (28 yaş), İlqar Rzayev (25 yaş), Nərgiz Babayeva (10 yaş), Sona Abbasova (23 yaş), Tamerlan Kamaloğlu (54yaş).
Yaralılar Qazıantep şəhərində 25-ci "Aralıq" dövlət xəstəxanasına yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, Azərbaycanın rəqs kollektivi konsertdə iştirak etmək üçün Yozqat əyalətinə gedirdi.