Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir X.Murtuzayeva/
Amerikalı alimlər müəyyən ediblər ki, orqanların transplantasiyasının müxtəlif növləri resipiyentlərdə xərçəngin inkişafı riskini artırır. Trend-in məlumatına görə, ABŞ Milli Xərçəng İnstitutunun (National Cancer Institute) əməkdaşı Erik İngelsin rəhbərlik etdiyi mütəxəssis qrupunun araşdırma ilə bağlı hesabatı "Amerika Tibb Assosiasiyası" jurnalında dərc olunub.
Hesabat müəllifləri 1987-2008-ci illərdə ABŞ-da yerinə yetirilən 175 min orqan köçürmələri haqqında məlumatları təhlil ediblər. Onların yarıdan çoxunu (58,4 faizi) böyrək, 21,6 faizini qaraciyər, 10 faizini ürək, 4 faizini isə ağciyər köçürmələri təşkil edir.
Alimlər müəyyən ediblər ki, donor orqanları alanlarda onkoloji xəstəliklərin inkişafı riski ölkədəki orta göstəriciləri iki dəfə üstələyir. Hockin olmayan limfoma (HOL) üçün risklərdə fərq yeddi dəfə təşkil edir. Ümumilikdə, resipiyentlərdə bədxassəli şişlərin 32 növünün yüksək inkişaf riskini aşkara çıxarır.
Tədqiqatçıların fikrincə, orqanların transplantasiyasından sonra xərçəng riskinin artmasına səbəb orqanizmin köçürülən orqanı rədd etməsinin qarşısını almaq üçün immuniteti boğan dərmanların qəbulu ilə bağlıdır. İngels qeyd edir ki, burada söhbət inkişafı iltihabi proseslərlə bağlı olan onkoloji xəstəliklərdən gedir.