...

Parazit milçəklər arıları zombilərə çevirir

Maraqlı Materials 10 Yanvar 2012 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Alimlər arıların müəmmalı ölümlərinin izahını tapmağa nail olublar. San-Fransisko Universitetinin bioloqlarının apardıqları araşdırmaya görə, bu faydalı həşəratların ölümünə parazit milçəklərin müəyyən növləri səbəb olur. Trend-in məlumatına görə, bu barədə "The Associated Press" xəbər verir.

Belə ki, milçəklər öz yumurtalarını birbaşa arıların bədənlərinə qoyurlar və sonra həmin yumurtalardan öz sahiblərinin bədənlərini daxildən yeyən sürfələr çıxır. Nəticədə arılar əvvəlcə havada istiqaməti itirir və özlərini zombi kimi aparmağa başlayır, sonra öz pətəklərindən uçaraq tezliklə ölürlər.

Tədqiqat qrupunun rəhbəri, bioloq, professor Con Qafernikin sözlərinə görə, o, təsadüfən milçəklərə rast gəlir. Ona laboratoriya dəvədəlləyini yedizdirməyə nəsə lazım olub və alim düz universitet şəhərciyinin ərazisində bir neçə arı tutur.

Profesor tutduğu həşəratları şüşə bankaya qoyur, sonra isə həmin həşəratları tamamilə unudur. Bir həftədən sonra Qafernik həmin bankanı görərkən təəccüblənir, çünki orada çox az sayda arı qalmışdı. Onları milçək sürfələri yemişdi.

Bioloqun sözlərinə görə, milçəklər əsasən eşşəkarılarında parazitlik edirlər. Göründüyü kimi, hansısa bir səbəbdən onları indi arılar cəlb etməyə başlayıb. Qafernikin sözlərinə görə, bu kəşf arıların ölümü fenomenini izah edə bilər. Buna baxmayaraq, o, tələsməməyə və son nəticə çıxarmamağa çağırır. Onun fikrincə, həşəratların ölümünə başqa amillər, yaxud onların hamısı birlikdə səbəb ola bilər.

Arıların ölümü ilə bağlı söhbətlər artıq bir neçə illərdir gedir. Bundan ən çox ABŞ əziyyət çəkir. Lakin bu həşəratların sayının azalması dünyanın başqa regionlarında da müşahidə olunur. Birləşmiş Ştatlarda hər qış arı koloniyalarının 30-35 faizi məhv olur, halbuki əvvəllər soyuğa arıların yalnız 10 faizi dözmürdü. 1961-ci ildən Amerika arılarının sayı iki dəfə azalıb, arıların hektar hesabı ilə sayı isə 90 faiz azalıb.

Arılar kənd təsərrüfatı üçün həyati əhəmiyyətə malikdirlər. Çünki onlar çoxlu sayda bitkinin tozlandırıcısı kimi çıxış edirlər. Bir vaxtlar Albert Eynşteynin xəbərdarlıq etdiyi kimi, arıların ölümü hətta bəşəriyyətin məhv olmasına da gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti