...

Pişiklər təbiətdə ən qorxunc təhlükəyə çevrilib

Maraqlı Materials 30 Yanvar 2013 19:56 (UTC +04:00)
İnsanın təbiətə təsirini araşdıran amerikalı bioloqlar ətraf mühitin çirklənməsi ilə birlikdə təbiət üçün ən qorxunc təhlükənin pişiklərdən gəldiyi barədə xəbərdarlıq edirlər.
Pişiklər təbiətdə ən qorxunc təhlükəyə çevrilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir X.Murtuzayeva/

İnsanın təbiətə təsirini araşdıran amerikalı bioloqlar ətraf mühitin çirklənməsi ilə birlikdə təbiət üçün ən qorxunc təhlükənin pişiklərdən gəldiyi barədə xəbərdarlıq edirlər. Belə ki, gəzintiyə çıxan bu ev heyvanları əsl manyak qatillərə çevrilərək siçan və quşlar kimi milyardlarla xırda canlıları öldürürlər. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

"Hesablamalarımıza görə, sərbəst gəzib-dolaşan ev pişikləri hər il 1,4-3,7 milyard quşu və 6,9-20,7 milyard məməli heyvanı öldürürlər", - pişiklərin ekologiyaya təsirinə həsr edilmiş araşdırmada bildirilir.

Bu sevimli ev heyvanlarının pəncəsində ölən heyvanların sayı yol qəzaları, zəhərlənmələr və ya tikinti nəticəsində ölənlərdən daha çoxdur. Bundan başqa, bu yumşaq tüklü heyvanlar artıq 33 növ heyvanın Yer üzündən silinməsində günahkardırlar. Tədqiqatçılar xəbərdar edirlər ki, onların çox zərərli təsiri materikdən daha çox adalarda gözə çarpır.

Araşdırma müəllifləri daha çox pişiklərin ovlamağı xoşladıqları dələlərə, yer siçanlarına, siçanlara, dovşanlara görə narahatdırlar.

"Tədqiqatlarımız göstərir ki, pişiklər ABŞ-da heyvanlar üçün ən ciddi təhlükədirlər", - layihə müəlliflərindən biri BBC-yə deyib.

Alimlər pişikləri sevənləri küçəyə buraxmamağın daha yaxşı olduğuna inandıra biləcəklərinə əmindirlər. Çünki bundan əvvəl onların ekoloji sistemə təsirləri dörd dəfə aşağı qiymətləndirilib.

Lakin əgər sevimli heyvanın gəzintidən imtina etməsi alınmazsa, o zaman çıxış yolu onların boynundan zınqırov asmaqdadır. Beləliklə, bu zaman ov üç dəfə az səmərəli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti