Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Məftun Salmanov/
İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.
Trend-in "Radikal" qəzetinə istinadən verdiyi məlumata əsasən, 1800-cü illərin sonlarında "Birka" adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə "Allah üçün" və ya "Allaha" yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.
Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır. Əsasən Misir və Mesopotamiyadan gətirilən ekzotik məhsullarla ticarət edildiyi güman edilir.