...

Gəncədəki qeyri-adi evin sirri (FOTO/VİDEO)

Maraqlı Materials 17 Oktyabr 2016 18:39 (UTC +04:00)
Gəncə şəhərinin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən evin tikintisində 48 min butulkadan istifadə edilib.
Gəncədəki qeyri-adi evin sirri (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhərinin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən evin tikintisində 48 min butulkadan istifadə edilib.

Trend ARB 24-ə istinadən xəbər verir ki, "butulkalı ev" kimi tanınan, şəhərə gələn turistlərin diqqətini çəkən bu tikili 1966-cı ildə tikilib.

Evi Gəncə şəhər sakini İbrahim Cəfərov böyük vətən müharibəsində itkin düşən 26 yaşlı qardaşı Yusifin xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib. İxtisasca mühəndis olan və şəhər körpü-tikinti idarəsində işləyən İ.Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək yaşayış binası tikib.

Evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin, mühəndis ikinci mərtəbənin inşasında qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə, insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb.

İ.Cəfərov evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edib.

Binanın fasadı, eyvan və tavanındak müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portreti vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib. Binanın arxa divarına butulkalarla işlənən “Moskva 80” yazısı göstərir ki, memar "butulkalı ev"in ikinci mərtəbəsinə sonradan bir sıra əlavələr edib.

İ.Cəfərovun nəvəsinin sözlərinə görə, o vaxt bu evə Azərbaycanın tanınmış insanları gəlib. Hətta indi də bir çox ölkədən gələn turistlər bura baş çəkirlər.

"Butulkalı ev"də diqqət çəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözü işlənib. Baxmayaraq ki, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılırdı. Şəhərin tarixi adı isə yalnız 1989-cu ildə özünə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti