Bakı. Trend:
Belçikanın şərqində Limburq bölgəsinin Maasland qəsəbəsində yerləşən ikinci əl mağazasına gətirilən çantada 23 min avroya yaxın avro aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Belçika mətbuatında məlumat yayılıb.
Məlumata görə, çanta tekstil məmulatları ilə birlikdə təkrar emal qutusuna atılıb, daha sonra oradan seçilərək satış üçün ikinci əl mağazasına gətirilib.
Pulu istifadə olunmuş məhsulların təkrar satış üçün uyğun olub-olmadığını müəyyən edən əməkdaş aşkarlayıb.
"Buraya gələn 10 çantadan 9-u boş çıxır. Amma bu çanta 50 avrodan 500 avroya qədər əskinaslarla dolu idi. Gözlərimə inanmadım. Əvvəlcə pulların saxta ola biləcəyini düşündüm. Müdirimə xəbər verdim. Nəticədə çantada 22 min 650 avro pulun olduğunu saydıq. Bundan əvvəl həyatımda heç bu qədər böyük məbləğdə pul görməmişdim", - Mikiel Vatzil adlı əməkdaş deyib.
Pulun kimə aid olduğu hələlik müəyyən edilməyib.
Maasland polisi pul üçün onlara heç kimin müraciət etmədiyini bildirib. Polisdən verilən açıqlamada "Prokurorluğun təlimatına görə, pul və çantanın hazırda mühafizə altında olduğu" deyilib.
Qeyd edək ki, Belçikada sahibsiz mallar 5 il sonra dövlətin mülkiyyətinə keçir.