...

AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinə münasibətindən narazıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2007 19:38 (UTC +04:00)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinə münasibətindən narazıdır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinə münasibətindən narazıdır. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çərşənbə günü Bakıda NATO Parlament Assambleyasının Demokratik İdarəçilik Alt Komitəsinin sədri Çətin Kazakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib.

"Avropa Şurası Ermənistanın Azərbaycana təcavüzünü açıq şəkildə pisləməyib və bununla bağlı mövqeyini açıq şəkildə ortaya qoymayıb. Bu, NATO Parlament Assambleyası da daxil olmaqla digər beynəlxalq təşkilatlara da aiddir" - deyə Seyidov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü il may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Seyidov bununla yanaşı bildirib ki, Avropa Şurası Parlament Assambleyası 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib. Bundan başqa, AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitə yaradılıb: "Həmin qətnamədə Azərbaycan ərazilərinin işğal olunması faktı və münaqişənin həll olunmamış qalmasının yaratdığı təhlükələr əks olunub".

NATO Parlament Assambleyasının Demokratik İdarəçilik Alt Komitəsinin sədri Kazak isə bildirib ki, NATO Cənubi Qafqaz bölgəsindəki problemlər haqqında məlumatlıdır: "NATO son illər Cənubi Qafqaz bölgəsindək münaqişələrin və problemlərin həllinə diqqəti artırıb. Eyni zamanda, NATO-nun bu bölgəyə olan marağı artıb".

NATO Parlament Assambleyası Demokratik İdarəçilik Alt Komitəsinin nümayəndə heyətinin çərşənbə günü Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində XİN, MTN, Müdafiə Nazirliyi və Milli Məclisdə bir sıra görüşlər keçirəcək nümayəndə heyəti Azərbaycanda siyasi, iqtisadi, hərbi, insan hüquqları, demokratik inkişafla bağlı sahələrdəki vəziyyəti öyrənəcək, bu sahələrdə aparılan islahatlarla tanış olacaq. Səfərin yekunlarına dair hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti