Dağılq Qarabağın müstəqilliyinin tanınması yersiz addım olardı. Bu barədə bu gün mətbuat konfransında İTAR-TASS-a müsahibəsində Ermənistanın baş naziri Serj Sarkisyan bildirib. "Ermənistan rəhbərliyi hazırda Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının yersiz addım olduğunu hesab edir və mən bununla razıyam" - deyə Sarkisyan bildirib. "Mən belə bir halın baş verəcəyini istisna etmirəm, ola bilsin, buna cəhd də göstərilməyəcək" - deyə baş nazir qeyd edib.
Baş nazir, eyni zamanda, vurğulayıb ki, "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir və danışıq prosesi hələ bitməyib". Sarkisyan hesab edir ki, "bu məsələ yalnız kompromis yolu ilə həll oluna bilər".
"Mənim fikrimcə, problemi sülh yolu ilə həll etmək üçün bütün imkanlar mövcuddur" - deyə hökumət başçısı bildirib. "Tərəflər danışıqlar masasına indi bütün məslələri çıxara bilməzlər, lakin bu prosesə mane olan insanlar həmişə tapılır" - deyə baş nazir əlavə edib. "Ermənistan və Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi kompromis yolu ilə həll olunmalıdır" - deyə Ermənistanın baş naziri bildirib.
"Ermənistan Qarabağ məsələsi ilə bağlı status-kvonun saxlanmasının əleyhinədir" - deyə Serj Sarkisyan bəyan edib. "Nə müharibə, nə sülh tərəfləri qane etmir. Mən başa düşürəm ki, biz həmişəlik Azərbaycanla qonşu olmağa məhkumuq. Bu səbəbdən də, hər iki ölkənin və bütün regionun maraqlarına uyğun yaxşı münasibətlər qurulmalıdır" - deyə nazir yekunlaşdırıb.