...

Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatlarının keçiriləcəyi gözlənilir - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2008 12:42 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatlarının keçiriləcəyi gözlənilir - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatları keçirəcəyi gözlənilir. Bu barədə bazar ertəsi jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov məlumat verib.

Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkənin işğal olunmuş əraziləri nəzarətdən kənar qalıb və buradan narkotik maddələrin tranzit yolu kimi istifadə edilir. Bundan əlavə, xarici terror təşkilatlarının bazaları Dağlıq Qarabağda yerləşdirilir.

Bəhmənov deyib ki, digər dövlətlərdə həyata keçirilən terror aktlarının bəziləri Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda hazırlanması barədə məlumatlar araşdırılır. Həmin əraziyə kürd separatçılarının yerləşdirilməsi məsələsi də araşdırılır. Bütün bunlar sübuta yetirilsə, Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatlar həyata keçirəcək.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı məlumat verməyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti