...

Atəşkəsin mütəmadi pozulması ilə əlaqədar Azərbaycan və Ermənistan tərəfinə xəbərdarlıq edilib - ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bərdə,14 fevral / Trend , müxbir Ş.Cəliloğlu/ ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyan edib ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması halları son bir neçə ayda intensivləşib. "Qoşunların təmas xəttində atəşkəsin mütəmadi pozulması ilə əlaqədar Azərbaycan və Ermənistan tərəfinə xəbərdarlıq edilib"- cümə axşamı jurnalistlərə Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinqdən sonra Kaspşik bildirib.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir və ATƏT həmin dövrdən qoşunların təmas xəttində monitoriq aparır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Kaspşik deyib ki, atəşkəsin intensiv pozulmasının qarşısının alınması üçün, ATƏT qoşunların təmas xəttində monitorinqlərin sayını artıracaq. Onun sözlərinə görə, atəşkəsin pozulması qoşunların təmas xəttində yaşayan kənd sakinlərinin gündəlik həyatına mənfi təsir göstərir. Sakinlər təsərrüfat işlərilə məşğul ola bilmirlər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə axşamı Trend ə bildirib ki, Azərbaycan atəşkəs rejimini həmişə qoruyub. "Azərbaycanın ATƏT- dən həmişə tələbi bu olub ki, atəşkəs rejimini intensiv pozan Ermənistan barəsində ölçü götürsün"- Sabiroğlu əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti