Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 7-də Azərbaycanın Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
İki ölkə arasında atəşkəs əldə olunduqdan sonra ATƏT qoşunların təmas xəttində intensiv monitorinq aparır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Piter Ki, Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Arji Aberle keçirəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]