Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Şuşa şəhərində "Haça yal" adlanan sahədə uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı doğranaraq aparılıb. Bu barədə cümə axşamı Trend a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğalından 16 il keçir. Ərazisinin 20%-ni meşələr təşkil edən şəhərin ümumi sahəsi 29 356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır.
Şuşada təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətinə görə 60 min m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları vardır.
1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
İbrahimova deyib ki, nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Şuşanın müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərinə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. Aşkar olunan fakta görə, Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub. Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Həmçinin Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]