Azərbaycan, Bakı, 15 may / Trend , müxbir S.Ağayeva / Ermənistan tərəfindən işğal olunan ərazilərdə qalan Azərbaycan mədəni irsinin qorunması son dərəcə önəmli, eyni zamanda mürəkkəb və incə məsələdir.
"YUNESKO siyasi xarakterli məsələlərlə məşğul olmur, bu bizim vəzifələrimizə daxil deyil. Lakin YUNESKO bu irsin qorunması vəziyyətindən çox narahatdır", - YUNESKO-nun baş direktoru Koişiro Matsuura çərşənbə günü Bakıda bildirib.
"Təəssüf edirəm ki, YUNESKO bu məsələlərə təsir və müdaxilə edə bilmir", - YUNESKO-nun baş direktoru əlavə edib. Bu məsələ BMT-nin səlahiyyətindədir.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]