Azərbaycan, Bakı, 10 iyun / Trend / İyunun 9-da ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın XİN başçısı Helsinkidə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı Qarabağ nizamlanmasının gedişatı müzakirə olunub. Bu barədə ATƏT-in mətbuat xidmətinin məlumatında deyilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri Stabba iyunun 6-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşün nəticələri barədə bilgi veriblər. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Müzakirələr zamanı Stabb həmsədrlərin fəaliyyətinə öz dəstəyini ifadə edib. "ATƏT zonasında münaqişənin həll edilməsi quruma sədrlik edən Finlandiya üçün əsas prioritetdir. Mən Ermənistan və Azərbaycanı həmsədrlərin imkanlarından tam yararlanmağa və münaqişənin həllinə dair əsas prinsiplər üzrə təklifləri ciddi şəkildə müzakirə etməyə çağırıram. Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur", - deyə o bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.