Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 5-də Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinq insidentsiz ötüşüb. Bu barədə cümə günü Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Key və İrci Aberle keçiriblər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik və onun səhra köməkçiləri Antal Herdiç və Vladimir Çountulov keçiriblər.
Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]