Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Türkiyə prezidenti Abdulla Gül İstanbulda Azərbaycan, Ermənistan və Türkiyə prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə Türkiyənin ZAMAN qəzeti xəbər verir.
Bu məsələ bir gün əvvəl Gülün Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə olunub.
ZAMAN yazır ki, Azərbaycan prezidenti bu formatda görüşün keçirilməsinə razılığını verib. Üç dövlət başçısının görüşünün keçirilmə yeri və tarixi Ermənistan prezidenti Sarkisyan ilə danışıqlardan sonra məlum olacaq.
Ermənistan Azərbaycan ərazilərinin 20 faizini - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]