...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün Helsinkidə danışıqları davam etdirməyi planlaşdırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 12:50 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün Helsinkidə danışıqları davam etdirməyi planlaşdırırlar

Azərbaycan, Bakı, 04 dekabr/ Tren , müxbir E.Tariverdiyeva/ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün Helsinkidə Dağlıq Qarabağ münaqşəsinin nizamlanması üzrə danışıqları davam etdirməyi planlaşdırırlar.

Çərşənbə günü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu günlərdə iclasının keçirildiyi Finlandiya paytaxtında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında danışıqlar başlayıb.

Ermənistan Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını davam etdirirlər.

"Dünənki görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin hazırlanmasının başa çatdırılması barədə söhbət aparılıb və onlar hazır olandan sonra biz rəsmən razılığa gəlməyə başlayacağıq", - deyə cümə axşamı Trend -a Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Helsinkidən telefonla bildirib.

Brayza Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün hazırlanması barədə razılığın əldə olunduğunu da bildirib. "Ümid edirik ki, bir neçə həftədən sonra Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək", - deyə diplomat söyləyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü noyabrın əvvəlində Moskvada İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın üçtərəfli görüşü çərçivəsində baş tutub. Görüşün yekunu üzrə prezidentlərin Moskva bəyannaməsi imzalanıb.

Hər bir ölkə lideri başlıca prinsiplərin müxtəlif ünsürlərini qeyd edir. "Ermənistan prezidenti öz müqəddəratını təyin etmə hüququnun konsepsiyasına dair məsələyə xüsusi əhəmiyyət verir. Azərbaycan prezidenti ölkənin ərazi bütövlüyü ideyasını qeyd edir, bizim vasitəçi qismində işimiz qarşılıqlı razılaşma yolu ilə bütün bunları nəzərdə tutan sazişin əldə olunmasında hər iki tərəfə yardım göstərməkdən ibarətdir", - deyə əvvəllər Trend -a ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti