Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Beynəlxalq Böhran Qrupu (BBQ - Crisis Group) hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə "Madrid prinsipləri" onun sülh yolu ilə həlli üçün ən yaxşı çərçivədir. Bu barədə cümə axşamı Trend -a elektron poçt ilə BBQ-nin Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib.
2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə rəsmi şəkildə təqdim olunmuş Minsk Qrupunun təklifləri bu günkü danışıqların əsasını təşkil edir. "Baza prinsipləri" kimi də tanınan bu təkliflər, Praqada 2004-cu ildən Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin "Paris prosesi" adlandırılan bir sıra görüşlərinin nəticəsidir.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Bu təkliflər sülh prosesinin son mərhələsində ümumxalq səsvermə yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini, bundan sonra güc tətbiqindən imtina, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən tədricən çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına qayıtması, ticarət və əlaqələrin bərpa olunması da daxil olmaqla, bütün qalan etibar tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.
Freyzerin bildiridiyinə görə, Böhran Qrupu hesab edir ki, Madrid təklifləri əsasında davam etdirilən danışıqlar münaqişənin sülh yolu ilə nizamlanması üçün ən yaxşı çərçivədir. "Azərbaycanda bu təkliflər ilə bağlı səhv məlumatlar və şablon təfəkkür tipləri yayılıb. Guya ki, bu təkliflər Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qanuniləşdirilməsi məqsədi ilə gizli sövdələşmə ifadə edir. Analoji əndişə Ermənistanda da mövcuddur", - deyə Freyzer bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin Minsk Qrupunun təklifləri ilə bağlı öz ölkələrinin ictimaiyyətinə məlumat verməsi və onlarla məsləhətləşmələr aparması olduqca vacibdir. "Sülh prosesində tərəqqiyə nail olmaq üçün vətəndaşların daha çox məlumatlandırılması, azərbaycanlı və ermənistanlı həmkarlar ilə müzakirələrin aparılması olduqca vacibdir", - deyə o bildirib.
Sürixdə çərşənbə günü Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutub.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın çərşənbə günü Sürixdən telefonla Trend -a verdiyi məlumata görə, iki dövlət rəhbəri baza prinsiplərinin bəzi əsas elementləri üzrə qarşılıqlı anlaşmada tərəqqi əldə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]