...

Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətini artırıb - ATƏT PA-nın xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2009 12:37 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətini artırıb - ATƏT PA-nın xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir C.Babayeva/  ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətinin daha artıq olduğunu bildirib. 

"Region ölkələri suverenliyi qorumaq üçün bir-birlərinə dəstək verməlidirlər. Bu istiqamətdə inkişaf edən Azərbaycanın məsuliyyəti böyükdür. Azərbaycan iqtisadi baxımdan nə qədər inkişaf edirsə, məsuliyyəti də bir o qədər artır", - Trend -un məlumatına görə cümə günü Milli Məclisdə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşdə Lenmarker deyib.

Lenmarker Azərbaycana Cənubi Qafqaza səfəri çərçivəsində gəlib. Səfərin məqsədi münaqişənin həlli üzrə gedən danışıqlarla tanış olmaqdır. Səfərin nəticəsi olaraq, hesabat hazırlanacaq və bu hesabat fevralın 19-20-də Vyana şəhərində keçiriləcək ATƏT PA-nın qış sessiyasında dinləniləcək.

Lenmarker vaxtilə Avropa İttiqfaqının Cənubi Qafqaz regionuna az diqqət ayırmasından şikayətləndiyini deyib. "İndi isə vəziyyət dəyişib, qonşuluq siyasətinə başlanılıb. Burada təkcə texniki deyil, düşüncələrdə də dəyişiklik olmalıdır. Avropa bu sahədə qərar verməkdə ləng tərpənir. Cənubi Qafqazın Avropaya yaxınlaşması tədricən baş verir", - xüsusi nümayəndə bildirib.

O, Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın zəruri olduğunu bildirib. "Xüsusilə də avqust hadisələrindən sonra Cənubi Qafqaz ölkələrinin birliyi möhkəm olmalıdır", - o deyib.

Xüsusi nümayəndə Daglıq Qarabağ münaqişəsinin həllinin tapılmasının zəruriliyini bildirib. "Üç il əvvəl münaqişənin həlli üçün qızıl imkanın olması ilə bağlı məruzə etmişdim. Bu imkan hələ də davam edir. Bu imkanın nə qədər davam edəcəyi məlum deyil. Ancaq bu imkanın davam etməsi ilə yanaşı, həlli yolu da var. Münaqişənin həll yolu müəyyən güzəştlərlə sülh yoludur", - Lenmarker deyib.

Lenmarker Ermənistanı Cənubi Qafqaz regionunda çox kiçik və zəif iqtisadiyyata malik ölkə adlandırıb. "Bu baxımdan regionda diqqətin münaqişələrə deyil, enerji məsələlərinə ayrılması önəmli olardı", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti