...

Dağlıq Qarabağın statusunu təyin etmək üçün referendumdan danışmaq hələ tezdir – rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2009 18:48 (UTC +04:00)
Dağlıq Qarabağın statusunu təyin etmək üçün referendumdan danışmaq hələ tezdir – rusiyalı həmsədr

Azərbayan, Bakı, 01 aprel / Trend , müxbir E.Rüstəmov /

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov hesab edir ki, Dağlıq Qarabağın statusunu təyin etmək üçün referendumdan danışmaq hələ tezdir. Bu barədə Merzlyakov Trend -a telefon bağlantısı zamanı Moskvadan bildirib.

Son zamanlar həmsədrlər münaqişənin həlli və Dağlıq Qarabağın statusunun referendum yolu ilə təyin olunmsı barədə ümidverici bəyanatlar verirlər. Vyanada mart ayında keçirilən beynəlxalq forumda fransalı həmsədr Bernar Fasye demişdi ki, münaqişənin həlli üçün Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilər azad olunmalıdır və 10-15 il sonra Dağlıq Qarabağın statusunu təyin etməkdən ötrü referendum keçirilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Referendumun keçirilməsi həmsədrlər tərəfindən münaqişə tərəflərinə təqdim olunan prinsip kimi təqdim olunub. Tərəflər səsvermənin modallıqları barədə razılıq əldə etdikdən sonra bu referendum Dağlıq Qarabağ əhalisinin iradəsini ortaya qoyacaq", - Merzlyakov deyib.

Referendumda münaqişəyə qədər Dağlıq Qarabağ ərazisində yaşayan əhali iştirak edəcək. Münaqişə başlayan andan oradan qovulmuş Azərbaycan əhalisinin referendumda iştirakı məsələsi həllini tapmayıb.

"Biz hazırda bunun üzərində işləyirik. Tərəflərin razılaşacağı prinsiplərin hazırlanması lazımdır", - Merzlyakov qeyd edib.

Azərbaycan Prezident Aparatının xarici əlaqələr üzrə şöbə rəisi Novruz Məmmədovun sözlərinə əsasən, münaqişənin həlli üçün ilk öncə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən işğal altında olan torpaqlar azad olunmalıdır.

"Sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bundan sonra status məsələsi müzakirə oluna bilər. Bu təkcə bizim mövqeyimiz deyil, məsələnin ədalətli və beynəlxalq hüquq normalara əsasən həlli şərtləri belədir", - bir müddət öncə Novruz Məmmədov Trend -a bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti