...

Azərbaycanlı millət vəkili beynəlxalq təşkilatları Ermənistanın insan haqlarını kobud şəkildə pozmasına qarşı geniş mübarizəyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2009 16:24 (UTC +04:00)
Azərbaycanlı millət vəkili beynəlxalq təşkilatları Ermənistanın insan haqlarını kobud şəkildə pozmasına qarşı geniş mübarizəyə çağırıb

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli /

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı nümayəndə heyətinin üzvü beynəlxalq təşkilatları qaçqınların haqlarının pozulmasına daha geniş diqqət yetirməyə çağırıb.

"BMT Təhlükəsizlik Şurası və AŞ PA-nın qəbul etdiyi qətnamələrə baxmayaraq, 1 milyon insan 15 ildən artıqdır ki, öz yurd-yuvasına qayıda bilmir. Bundan da böyük insan haqlarının pozuntusu ola bilərmi? Biz beynəlxalq təşkilatları bu problemə daha geniş diqqət yetirməyə çağırırıq", - çərşənbə axşamı nümayəndə heyətinin üzvü millət vəkili, Qənirə Paşayeva AŞ PA-nın yay sessiyasında çıxışında bildirib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Paşayeva təəssüflə bildirib ki, dinc insanlara qarşı cinayət törədənlər bu günədək öz hərəkətlərinə görə cavab verməyiblər. "Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğal edən zaman minlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, Xocalı şəhərində qətliam həyata keçirilib. Bu şəhərdə yüzlərlə uşaq, qadın, qoca vəhşicəsinə öldürülüb. Bu barədə geniş məlumatlar beynəlxalq təşkilatların sənədlərində də var. Eyni zamanda dünyanın nüfuzlu televiziya və mətbuat orqanlarının arxivlərində də bu barədə geniş məlumat əldə edə bilərsiniz", - millət vəkili bildirib.  

Onun sözlərinə görə, Azərbaycan bu cinayətləri törədən bir çox şəxslər barəsində interpol xətti ilə beynəlxalq axtarış elan etsə də, çox təssüf ki, indiyədək heç bir nəticə yoxdur. "Onların heç birini bu günədək məsuliyyətə cəlb etmək mümkün olmayıb. Çünki rəsmi Yerevan beynəlxalq təşkilatlara belə məhəl qoymadan həmin şəxsləri himayə edir", - Paşayeva deyib.  

Millət vəkili çıxışında Ermənistan yazıçısı Zori Balayanın 1996-cı ildə yazdığı "Ruhumuzun canlanması" kitabından kiçik bir fraqment oxuyub: "Dəhşətlidir ki, bu şəxs öz əsərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmələrindən və onun iştirakçısı olmasından fəxrlə yazır. O, yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu 13 yaşlı uşağın baş, sinə və qarın nahiyəsindən dərisini soydum. Saata baxdım, uşaq yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Xaçatur daha sonra ölmüş uşağın cəsədini hissə-hissə doğradı. Axşam eyni şeyi daha üç türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".  

Millət vəkili Xocalı soyqırımında birbaşa əli olan bu şəxsin İnterpol xətti ilə axtarıldığını bildirib. "Amma o, bu gün də Ermənistanda rahat şəkildə yaşayır. Ümumiyyətlə isə Xocalı qətliamının törədilməsinə rəhbərlik etmiş və iştirak etmiş onlarla insanın interpol xətti ilə axtarılmasına baxmayaraq, onların hamısı Ermənistanda rəsmi Yerevanın himayəsi altında rahat şəkildə yaşayırlar. Biz beynəlxalq təşkilatları bu kimi məsələlərə daha böyük diqqət yetirməyə çağırırıq. Unutmamalıyıq ki, "bir cinayətin cəzasız qalması mütləq digər bir cinayəti doğurur"", - Paşayeva deyib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Paşayeva bu gün Ermənistanda yüzlərlə azərbaycanlı əsir və girovun saxlandığını xatırladıb. "Azərbaycan dövləti və Qızıl Xaç Cəmiyyətinin səylərinə baxmayaraq, Ermənistan artıq neçə illərdir ki, bu insanları azad etməkdən imtina edir və onlara ağır əziyyətlər verilir. Mən sizə bir müddət əvvəl Ermənistanda əsirlikdən azad edilmiş bir uşağın şəklini göstərmək istəyirəm. Sadəcə bu şəkil Ermənistanın əsir və girov saxladığı yüzlərlə insana qarşı hansı işgəncələr verdiyini aydın şəkildə göstərir. Bu, insan haqlarının kobud şəkildə pozulması deyilmi? Biz beynəlxalq təşkilatları insan haqlarının bu dərəcədə kobud şəkildə pozulmasına qarşı daha geniş və sərt mübarizəyə çağırırıq", - millət vəkili deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti