...

Azərbaycanın hakim partiyası prezidentlərin Moskva görüşündə irəliləyiş olacağına inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2009 16:22 (UTC +04:00)
Azərbaycanın hakim partiyası prezidentlərin Moskva görüşündə irəliləyiş olacağına inanır

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyası Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı irəliləyişlər olacağına inanır.

"Böyük səkkizlər"in (G8) ötən həftə keçirilən görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlətin rəhbərlərinin bəyanat imzalaması və münaqişənin nizamlanması ilə əlaqədar baza prinsipləri sayıla biləcək prinsiplərin bəyan edilməsi danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu göstərir", - Trend -un məlumatına görə, bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.  

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əhmədovun sözlərinə görə, bu irəliləyişlər fonunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutması müsbət faktdır. "Təbii ki, Moskva görüşündə indiyə qədər əldə olunan irəliləyişlərin daha da inkişaf edtiriləcəyi ehtimalını irəli sürmək mümkündür. Digər tərəfdən, irəliləyiş olmasaydı, görüşlərə ehtiyac qalmazdı", - icra katibi əlavə edib.

Onun fikrincə, artıq çoxları dərk edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vaxtı çatıb. "Bu təkcə Ermənistanla Azərbaycan arasında olan münaqişə deyil. Bunun nəticələri bütövlükdə Cənubi Qafqazdakı vəziyyətə təsir göstərir və bu münaqişə həll olunmadan bölgədə sabitliyi, əmin-amanlığı və əməkdaşlığı təmin etmək mümkün deyil. Cənubi Qafqazda sabitlik təmin edilmədən bu region ətrafındakı ərazilərdə əmin-amanlığı təmin etmək mümkün olmyacaq. Məncə, Rusiya da artıq dərk etməyə başlayıb ki, ölkənin cənubundakı narahatlıq yaradan prosesləri nizama salmağın çox vacib şərtlərindən biri də bu münaqişənin nizamlanmasıdır", - Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti