...

ABŞ və Azərbaycanı bir çox maraqlar, o cümlədən təhlükəsizlik maraqları birləşdirir – Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2009 20:10 (UTC +04:00)
Dünən ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza Bakıya gəlib. Bu Brayzanın regiona ATƏT-in Mİnsk qrupunun həmsədri kimi son səfəridir.
ABŞ və Azərbaycanı bir çox maraqlar, o cümlədən təhlükəsizlik maraqları birləşdirir – Metyu Brayza

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Tarıverdiyeva /

Dünən ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza Bakıya gəlib. Bu, Brayzanın regiona ATƏT-in Minsk qrupunun həmsədri kimi son səfəridir.

"Mən sizlərlə birgə işlədiyim vaxtda Minsk qrupunun iş prosesinə və şəxsən mənə olan hörmətə görə çox minnətdaram", - ATƏT-in Minsk qrupunun həmsədri Brayza jurnalistlərə deyib.

Brayzanın sözlərinə görə, jurnalistlərin işi diplomatik səylərində ona çox kömək edib.

"Tina Kaydanov mənim ABŞ dövlət departamentində dövlət katibinin köməkçisi vəzifəsində yerimi tutacaq", - o deyib.

Brayza hələlik ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin adını açıqlamayıb.

"ABŞ və Azərbaycanı, onların xalqını bir çox maraqlar, o cümlədən təhlükəsizlik maraqları birləşdirir. Bu maraqlar həm də Dağlıq Qarabağ münaqişəsi konteksində birləşir", - o deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın enerji resurslarının Avropaya tədarükündə maraqlıdır.

"Prezident Obama hesab edir ki, Azərbaycan ABŞ-ın çox mühüm strateji tərəfdaşıdır və Staynberq, Qordon kimi ABŞ Adminstrasiyasının bir çox yüksəkvəzifəli nümayəndələri artıq ölkənizə səfər ediblər, - Brayza deyib. - ABŞ Adminstrasiyası ölkələrimizin əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi prosesini davam etdirəcək. Çox ümid edirəm ki, Qafqazda bacardığım qədər çox işləyəcəm, lakin hələ səfir təyin olunmamışam".

Onun sözlərinə görə, bu illər ərzində ABŞ və Azərbaycan ölkədə demokratiya məsələləri üzərində xeyli və uğurla işləyib.

O zaman ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi olan Brayza Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ tərəfdən ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə 2006-cı ilin iyununda təyin olunub. O, bu vəzifədə Stiven Mannı əvəzləyib.

İyunun əvvəlində "Foreign Policy" jurnali məlumat vermişdi ki, ABŞ Konqresində Brayzanın Azərbaycana səfir təyin olunmasının mümkünlüyü barədə qeyri-rəsmi məsləhətləşmələr aparılır.

"Səfir təyin olunmağımla bağlı informasiya yoxdur", - Brayza iyulda Moskvada Serj Sarksyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşünə qədər jurnalistlərə bildirmişdi.

Brayza əlavə edib ki, belə təyinat olsa o, Cənubi Qafqaz ölkələrinin birində işləmək istərdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti