Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir K.Zərbaliyeva /
Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşının xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. Trend -un məlumatına görə, cümə axşamı bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasında toplanmış materialların təhlili zamanı 1970-ci il təvəllüdlü Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə məlumatlar aşkarlanıb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, erməni hərbçilərinin Atakişiyevə qarşı qəddarlığının əsas səbəbi onun Kərkicahan qəsəbəsinin sakini kimi döyüşçülərimizə bələdçilik etməsi olub. Ermənistan hərbçiləri 1991-ci ilin dekabr ayında Kərkicahan qəsəbəsinə hucum zamanı çoxsaylı itkilərinə bu amilin böyük təsir etdiyini düşündükləri üçün Atakişiyevə işgəncələr verərək onu "Qarabağ ermənilərindir" ifadəsini deməyə məcbur etmək istəyiblər. Lakin Atakişiyev işgəncələrdən və ölümdən qorxmayaraq, "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" dediyinə görə erməni qəsbkarları tərəfindən amansızcasına qətlə yetirilib. Onun meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Atakişiyev Fərhad Rəhman oğlu ilə bağlı toplanmış materiallar Dövlət Komissiyası tərəfindən Azərbaycan Prezidentinə təqdim edilib və Prezidentin 28 iyul 2009-cu il tarixli sərəncamı ilə o, "Azərbaycan bayrağı" ordeni (ölümündən sonra) ilə təltif olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]