Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.Sadıxova /
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyət Azərbaycanın və Ermənistanın üzərinə düşür", - bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində jurnalistlərə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş məsləhətçisi Mark Qrsossman bildirib.
"ATƏT-in Minsk Qrupunun iş prosesi düzgün qurulub, bunun nəticəsi prezidentlər arasında görüşdə özünü göstərir", - Qrossman bildirib. Onun sözlərinə əsasən, Azərbaycan və Ermənistan icmalarının özü problemin həllinə yanaşmalı, digər ölkələrdən bu münaqişənin həllini gözləməməlidirlər.
"ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, biz hesab edirik ki, bu münaqişənin yeganə həll yolu diplomaik yoldur", - Qrossman bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Transatlantika əməkdaşlığına gəldikdə isə Qrossman bildirib ki, ABŞ onun genişləndirilməsi üzrə səyləri dəstəkləyir. "NATO dünyada təhlükəsizlik üzrə uğurlu fəaliyyət göstərən yeganə təşkilatdır və biz onun təkmilləşdirilməsi üçün çalışmalıyıq", - o bildirib.
Qrossman əməkdaşlığın inkişaf edəcəyinə əmin olduğunu bildirib, belə ki, bu, Avropa və ABŞ-ın maraqlarındadır. "Azərbaycan kimi ölkələr transatlantika əməkdaşlığının inkişafında vacib rol oynayır", - o qeyd edib.