Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva/
"Ermənistan-Türkiyə protokolları təsdiq edilə bilər, amma çətin ki, konkret məzmuna malik ola bilsin. Belə ki, danışıqların məqsədi Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılmasından daha çox, Türkiyə-Qərb münasibətlərinin normalaşdırılmasıdır", - politoloq, Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev belə hesab edir.
"Bütün tərəflər bu vəziyyətdən çıxış tapmaqda maraqlıdırlar. Bu baxımdan protokollar ola bilsin ki, təsdiqlənsin, lakin çətin ki, bu sənədlər konkret məzmuna malik olsun", - Trend -a Moskvadan telefonla Mürsəliyev bildirib.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair müqavilənin imzalanması oktyabrın 10-a planlaşdırılır. Bu barədə Trend -a eksklüziv müsahibəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, müqavilə iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanacaq, lakin qüvvəyə minməsi üçün iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməlidir.
"Türkiyə Parlamenti nəzəri olaraq müqaviləni təsdiqləyə bilər, lakin Ermənistan Parlamentində bu bir qədər çətin olacaq. Belə ki, orada qüvvələrin bölgüsü elə də birmənalı deyil", - Mürəsliyev hesab edir.
"Türkiyədə hakim partiya parlamentə nəzarət edir və tam çoxluğa malikdir, Ermənistanda isə hakim partiya yox, hakim koalisiya bu üstünlüyə malikdir", - ekspert bildirib.
Onun fikrincə, Ermənistanda xarici siyasət daxili siyasi mübarizədə istifadə olunur, bu kimi danışıqlar isə rəqibi milli maraqlara xəyanət etməkdə günahlandırmaq üçün yaxşı bəhanədir.
Münasibətlərin yoluna qoyulması işində təfsilatlar vacibdir və Ermənistan-Türkiyə protokollarının imzalanması müzakirə məsələsidir.
"Sözügedən müqavilə müəyyən düzəlişlər edilərək niyə də təsdiqlənməsin? Oktyabrın 10-da qərarın təxirə salınması məqsədi ilə Sarkisyanın oktyabrın 14-də Türkiyəyə səfəri zamanı dialoqun davam etdirilməsi üçün qanunyaradıcı fəndlər düşünülüb tapıla bilər", - Mürsəliyev belə hesab edir.