Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
Rəsmi Bakı hesab edir ki, Laçın dəhlizi hər iki ölkə - Azərbaycan və Ermənistan üçün açılmalıdır, ondan təkcə Ermənistan istifadə edə bilməz.
"Laçın yolu Azərbaycan üçün çox vacibdir və biz ondan təkcə Ermənistanın istifadə etməsi ilə razılaşa bilmərik, bu mümkün deyil", - bu barədə cümə axşamı Azərbaycan Prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
"Biz dəfələrlə eşitmişik ki, Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın erməni icması ilə əlaqə saxlamaq niyyətindədir. Bu yol azərbaycanlılar üçün də vacibdir və biz onun birtərəfli istifadə edilməsinə yol verə bilmərik", - Əzimov bildirib.
Bu mövqeni rəsmi Ankara da dəstəkləyir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunun Azərbaycan, Türkiyə və Ermənistan arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını nəzərə alaraq, yolun hər iki ölkənin istifadəsinə verilməsi üzrə çıxış edib.
"Laçın dəhlizi məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri zamanı müzakirə olunacaq", - nazir müavini bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.