...

Dağlıq Qarabağla bağlı danışıqların əsas formatı ATƏT-in Minsk qrupu qalmalıdır, lakin dəyişilmiş formatda - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2010 18:39 (UTC +04:00)
Dağlıq Qarabağla bağlı danışıqların əsas formatı ATƏT-in Minsk qrupu olmalıdır, lakin həmsədrlər heyətinin dəyişdirilməsi və etibarın möhkəmləndirilməsi üçün digər müsbət tədbirlərin olması mümkündür. Ekspertlər belə hesab edirlər.
Dağlıq Qarabağla bağlı danışıqların əsas formatı ATƏT-in Minsk qrupu qalmalıdır, lakin dəyişilmiş formatda - ekspertlər

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağla bağlı danışıqların əsas formatı ATƏT-in Minsk qrupu olmalıdır, lakin həmsədrlər heyətinin dəyişdirilməsi və etibarın möhkəmləndirilməsi üçün digər müsbət tədbirlərin olması mümkündür. Ekspertlər belə hesab edirlər.

"ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun tərkibində dəyişiklik üçün zaman yetişib", - bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov deyib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bundan əvvəl bildirmişdi ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri qismində ABŞ-ın mövqeyindən razı deyil.

"ABŞ bir çox hallarda Ermənistanı dəstəkləyərək birtərəfli mövqe tutur. Biz Birləşmiş Ştatları neytral mövqe tutmağa çağırırıq", - Həsənov deyib.

İran və Türkiyə Dağlıq Qarabağla bağlı danışıqlarda öz vasitəçilik səylərini təklif edirlər.

"İran Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə Tehranda xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi niyyətindədir", - İranın xarici işlər naziri Mənuçöhr Müttəki mətbuat konfransında deyib. Məlumatı ISNA agentliyi yayıb.

Nazirin sözlərinə görə, Azərbaycan artıq öz razılığını verib, Tehran indi Ermənistanın cavabını gözləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Analitiklərin fikrincə, vasitəçiliyin istənilən formatının danışıqlar prosesinə müsbət təsir göstərəcəyinə baxmayaraq, ATƏT-in Minsk qrupu əsas olaraq qalmalıdır, lakin bu, həmsədrlərin digər formatında mümkündür.

"Ən mühüm olanı Dağlıq Qarabağla bağlı danışıqların ATƏT Minsk qrupu çərçivəsində saxlanmasıdır, Minsk qrupu danışıqların aparılması üçün yeganə arena olaraq qalmalıdır", - avropalı ekspert Amanda Pol deyib.

Azərbaycan tərəfi danışıqların Minsk qrupu çərçivəsində keçirilməsinə razıdır, lakin müşahidəçilərin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun tərkibində dəyişiklik üçün zaman yetişib.

YAP aktivisti Əli Əhmədovun sözlərinə görə, hazırkı mövqe onunla izah olunur ki, Minsk qrupunun həmsədr ölkələri indiyə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyət göstərə bilməyib və işğala məruz qalan ölkə kimi Azərbaycanın mövqeyini kifayət qədər müdafiə edə bilmir.

"Türkiyə bu formatı təkmilləşdirmək və başa çatdırmaq üçün ən lazımlı və səmərəli namizəd ola bilər", - Əhmədov bildirib.

YAP-ın icraçı katibinin sözlərinə görə, qardaş və dost Türkiyə Azərbaycanın tapdalanmış hüquqlarının bərpası üzrə səylər çərçivəsində münaqişənin ədalətli həllində bilavasitə maraqlı olan bir ölkədir və bu səbəbdən Azərbaycan Türkiyənin bu prosesə qoşulmasını alqışlayır.

Azərbaycanlı politoloq Rasim Ağayevin fikrincə, İranın təşəbbüsü bir az gecikib - indi danışıqlar prosesi yeni səviyyəyə daxil olur.

"Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə aydınlıq gətirildikdən sonra yaxın bir neçə ayda hər şey müəyyən olacaq", - politoloq hesab edir.

Cənubi Qafqaz üzrə amerikalı ekspert Mark Katz hesab edir ki, Ermənistan və Azərbaycan üçün qəbul olunan vasitəçi tapmaq lazımdır.

"Mən hesab edirəm ki, bu rolda ciddi namizədlər Birləşmiş Ştatlar, Rusiya və Avropa İttifaqıdır", - ABŞ-ın Corc Meyson Universitetinin (George Mason University) Beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru Katz elektron poçt vasitəsilə Trend-ə bildirib.

Türkiyə və Qafqaz üzrə ixtisaslaşan Tehran Universitetinin politologiya üzrə professoru iranlı ekspert Əhməd Cansuzun fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansı bir irəliləyişin qəbul edilməsinə hazır deyil.

"Onlar nə İranın, nə də hər hansı bir ölkənin vasitəçiliyini istəmirlər. Bir neçə il bundan öncə İran vasitəçi idi, lakin bəzi danışıqlardan sonra Ermənistan bir addım geri çəkildi", - Cansuz bildirib.

Onun fikrincə, Yerevan İranın regionda hər hansı bir rol oynamasını istəməyən Avropanın təsirinə meyillidir. Buna görə də Ermənistan hökuməti Tehranın vasitəçilik təşəbbüsünə qarşı bundan sonra da çıxış edəcək.

"Azərbaycan ölkəsinin haqlı olduğunu bilərək münaqişənin həlli üçün hər bir imkandan istifadə etməyə hazırdır, lakin Ermənistan buna hazır deyil", - Cansuz deyib.

"Azərbaycan və Ermənistan rəhbərləri arasındakı bütün görüşlər müsbət nəzərdən keçirilməlidir və İran bir çox illər ərzində dəfələrlə belə simvolik jestlər edib", - Avropa Siyasi Mərkəzinin enerji təhlükəsizliyi, Türkiyə və Cənubi Qafqaz məsələləri üzrə analitiki Pol elektron poçt vasitəsilə Trend-ə bildirib.

Onun sözlərinə görə, Ermənistan İran tərəfi ilə belə üçtərəfli görüşlərdə iştirak edərək heç nə itirmir, bütün bu kimi təkliflər təqdirəlayiqdir və etibarın artırılması tədbirləri kimi nəzərdən keçirilə bilər.

Materialın hazırlanmasında V.Javoronkova, D.Xatınoglu iştirak edib.

Xəbər lenti

Xəbər lenti