...

Türkiyənin Minsk qrupunda təmsilçiliyi gündəmdədir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2010 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Türkiyənin Minsk qrupunda təmsilçiliyi gündəmdədir.

"Türkiyənin Minsk qrupunda təmsilçiliyi gündəmdədir. Təklifləri dəyərləndirmək isə yalnız ATƏT-ə məxsusdur", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend-in arayışı: Azərbaycan Minsk qrupunun həmsədrliyində Türkiyənin təmsilçiliyini istəyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Həsənov deyib ki, Minsk qrupunun fəaliyyətinə baxmaq və yaxud tərkibini müəyyən etmək səlahiyyəti Azərbaycana aid deyil.

"Bu, ATƏT-in institutudur və onun tərkibindəki dövlətlərin sayını ATƏT müəyyən edir. ATƏT-in növbəti sammitində belə narazılıq olsa, əlbəttə, Azərbaycan öz fikirini açıqlaya bilər. Son zamanlar bu məsələ ətrafında Avropada, dünyada bir narahatlıq var - Həmsədrlər İnstitutu bu günə qədər ciddi bir nəticə ortaya qoya bilməyib", - Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Ermənistanın Türkiyənin təmsilçiliyinə etirazına gəlincə, Həsənovun münasibəti birmənalı olub.

"Məncə, Ermənistan xarici işlər nazirliyinin nəyə etiraz etdiyinin, artıq özləri də fərqində deyil. Bu dövlətin nə prezidenti , nə xarici işlər naziri öz iradəsi ilə hərəkət etmir", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti