...

BMT Nizamnaməsinə görə, Azərbaycan təcavüzü dəfetmə hüququna malikdir – amerikalı ekspert Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2010 11:59 (UTC +04:00)
Təcavüzün dəf edilməsi hüququ BMT Nizamnaməsində yazılıb və bu quruma üzv ölkələr bu sənədə tabedirlər. Odur ki Azərbaycan Konstitusiyası ilə hərbi doktrina arasında real və ya zahiri fərq o qədər də vacib deyil. "Heritage Foundation"un Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı eksperti Ariel Koen belə hesab edir.
BMT Nizamnaməsinə görə, Azərbaycan təcavüzü dəfetmə hüququna malikdir – amerikalı ekspert Ariel Koen

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Təcavüzün dəf edilməsi hüququ BMT Nizamnaməsində yazılıb və bu quruma üzv ölkələr bu sənədə tabedirlər. Odur ki Azərbaycan Konstitusiyası ilə hərbi doktrina arasında real və ya zahiri fərq o qədər də vacib deyil. "Heritage Foundation"un Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə aparıcı eksperti Ariel Koen belə hesab edir.

"Fikrimcə, 1988-94-cü illərdəki hərbi münaqişə nəticəsində, Azərbaycan ərazilərinin işğalının davam etməsi suverenliyin və ərazi bütövlüyünün bərpası üçün güc tətbiq edilməsinin mümkünlüyünü Azərbaycan tərəfində saxlayır", - Koen elektron poçt vasitəsilə Trend-ə bildirib.

Azərbaycan Parlamenti iyunun 8-də keçirilən növbədənkənar iclasında dövlətin hərbi doktrinasını qəbul edib.

Sənədin bəndlərinin birində deyilir ki, Azərbaycan, hərbi güc də daxil olmaqla, bütün zəruri vasitələrdən istifadə edərək, özünün zəbt olunmuş ərazilərini işğaldan azad edə, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilər.

Ermənistan XİN başçısı Edvard Nalbandyan hesab edir ki, Parlament tərəfindən təsdiq olunan Azərbaycanın hərbi doktrinası bu ölkə Konstitusiyasına ziddir; "işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası üçün "güc tətbiq edilməsinin mümkünlüyü barədə düzəliş qeyri-konstitusiondur - xüsusi maddə var ki, məsələlərin müharibə və ya hərbi yolla həllini istisna edir".

Konstitusiyanın 9-cu maddəsində deyilir ki, Azərbaycan digər dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibədən imtina edir. Lakin Dağlıq Qarabağ münaqişəsi buna aid edilə bilməz, çünki o, daxili münaqişədir.

Koenin sözlərinə görə, əlbəttə, Azərbaycan Konstitusiyası bu təbii hüququn ləğvini nəzərdə tutmur. Xüsusən də Dağlıq Qarabağ dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.

"Beləliklə, əgər nəsə baş verərsə, bu, Qarabağa görə gələcək münaqişə  baxımından suverenliyin bərpası üzrə əməliyyat olacaq, erməni qoşunları iştirak edəcəyi halda isə BMT Nizamnaməsi çərçivəsində özünümüdafiə olacaq", - Koen deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti