...

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yeni mərhələsi ərəfəsində Ermənistanda sosial-siyasi vəziyyət gərgindir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2010 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yeni mərhələsi ərəfəsində Ermənistanda sosial-siyasi, ictimai vəziyyət gərgindir. Bunu cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Hazırda Ermənistan bütün qonşuları ilə pis münasibətdədir, kommunikasiyalar bağlıdır, ölkənin 1.8 milyard dollarlıq büdcəsinin müqabilində 4.5 milyard dollar borcu var. Bundan başqa, Ermənistanda "Dağlıq Qarabağ ermənisi" və "Ermənistan ermənisi" gərgin münasibətdədirlər, ölkənin demoqrafik böhranı böyüyür", - Əhmədoğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mərkəzin rəhbəri münaqişənin ilkin mərhələsi ilə indiki dövrü müqayisə apararaq bildirib ki, o zaman Ermənistanın qələbəsinə şərait yaradan faktorlar vardı - Ermənistan SSRİ-ni dağıtmaqla bağlı Qərbin sifarişini yerinə yetirdiyi üçün kifayət qədər cəlbedici idi.

"Spitak zəlzələsi Dağlıq Qarabağ münaqişəsində erməniləri pul, silah və adamlarla təmin etmək üçün bəhanəyə çevirildi", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti