...

Avropa Şurası azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpasına xüsusi diqqət yetirməlidir - Azərbaycan deputatı Qənirə Paşayeva (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2010 20:59 (UTC +04:00)
Avropa Şurası azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpasına xüsusi diqqət yetirməlidir.
Avropa Şurası azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpasına xüsusi diqqət yetirməlidir - Azərbaycan deputatı Qənirə Paşayeva (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: dördüncü abzasdan sonra əlavə olunub

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpasına xüsusi diqqət yetirməlidir. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ Nazirlər Komitəsinin sədri, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın xarici işlər naziri Antonio Miloşoskiyə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı verdiyi sualında bildirib.

"20 iyun - Ümumdünya Qaçqınlar Günüdür. Mən qaçqın və məcburi köçkünlərin sayına görə dünyada analoqu olmayan bir ölkənin - Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünlərinin müraciətinə sizin münasibətinizi bilmək istəyirəm. AŞ-nin təməl prinsiplərindən biri insan haqlarının qorunmasıdır. Təşkilatın üzvü olan Ermənistan qurumun digər üzvü olan Azərbaycanın ərazilərini işğal edərək, 15 ildən artırdır ki, bir milyon qaçqın və məcburi köçkünün evlərinə dönməyinə imkan vermir. Onların fundamental haqları pozulmaqda davam edir. AŞ Nazirlər Komitəsinin sədri kimi bu insanların pozulan hüquqlarının bərpası istiqamətində hansı addımlar atmağı düşünürsünüz?"- Paşayeva sualında deyib.

AŞ Nazirlər Komitəsinin sədri cavabında qeyd edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsinin həlli münaqişənin həllinin ayrılmaz tərkib hissəsini təşkil edir.

"Xüsusi qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində digər bir aspekti - qaçqın və məcburi köçkünlər məsələsini qaldırırsınız. Deyə bilərəm ki, qaçqın və məcburi köçkünlərin problemlərinin, onların hüquqlarının bərpası münaqişənin həllinin ayrılmaz bir tərkib hissəsidir. Eyni zamanda, Nazirlər Komitəsi sədrinin Azərbaycan və Ermənistana səfəri vasitəsilə AŞ bu sahədə daha ətraflı fəaliyyət göstərməli və tərəflər arasında dialoqun davam etdirilməsi, xüsusilə, qaçqın və məcburi köçkünlərin probleminin həllində siyasi dəstək verməlidir", - Miloşoski deyib.

"Ermənistan isə terrorizmi dövlət səviyyəsində himayə etməkdə və dəstəkləməkdədir", - Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi işinə başlayan plenar sessiyası zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsi ilə bağlı AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Miloşoskiyə ünvanladığı sualda bildirib.

Millət vəkili qeyd edib ki, Avropa Şurasının üzvü olan Ermənistan isə terrorizmi dövlət səviyyəsində himayə etməkdə və dəstəkləməkdədir.

"Terrorizm bu gün bütün dünyanın, o cümlədən Avropa Şurasının mübarizə apardığı ən arzuolunmaz bəlalardandır. Avropa Şurasının üzvü olan Ermənistan isə terrorizmi dövlət səviyyəsində himayə etməkdə və dəstəkləməkdədir. Bunun ən əyani sübutlarından biri dünya terror şəbəkəsinin ən məşhur bədnam simalarından biri Monte Melkonyanın Ermənistan dövləti tərəfindən rəsmən milli qəhrəman elan edilməsi, abidəsinin qoyulması, adına fond təsis edilməsidir. Avropa Şurası niyə nüfuzuna kölgə salan və terrorizmi nümayişkaranə şəkildə müdafiə edən üzv dövlətə dözür?" - Hüseynov bildirib.

AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri cavabında qeyd edib ki, terrorizm dünyanın üzləşdiyi ən böyük bəlalardan biridir və AŞ Nazirlər Komitəsi də bütün sənədlərində terrorizmi pisləyir.

"Terrorizm dünyanın üzləşdiyi ən böyük bəlalardan biridir və AŞ Nazirlər Komitəsi də bütün sənədlərində terrorizmi pisləyir, ona rəvac verən hər hansı bir ölkəni tənqidə məruz qoyur. Ona görə də terrorizmin hər hansı bir ölkədə dəstəklənməsi, onun dövlət səviyyəsində himayə olunması qəbuledilməz bir haldır. Hər bir yeni halda bu cür təzahürlərə qarşı ciddi mübarizə aparılmalıdır. Qaldırdığınız məsələ narahatedicidir və bununla bağlı zəruri addımların atılmasına ehtiyac var. Bir daha təkrar edirəm ki, AŞ-nin qəti mövqeyi bundan ibarətdir ki, nəinki AŞ-yə bağlı olan ölkələrdə, eləcə də digər istənilən bir ölkədə terrorizmin hər hansı şəkildə təzahürünə və hər hansı şəkildə dəstəklənməsinə biz qarşı çıxırıq və bunu qətiyyətlə pisləyirik", - xarici işlər naziri bildirib.

Xəbər lenti

Xəbər lenti