Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir М.Əliyev/
ATƏT-in Osloda keçiriləcək sessiyası zamanı Azərbaycan nümayəndə heyəti ATƏT-in müvafiq orqanlarına Azərbaycan Ordusu əsgərinin meyitinin qaytarılması üzrə vasitəçi qüvvələrin fəallaşdırılması üçün təklif irəli sürəcək. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib.
İyunun 19-da Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı dörd erməni hərbçisi öldürülüb, dördü isə yaralanıb. Azərbaycan tərəfdən isə Millli Ordumuzun əsgəri, Biləsuvar rayonundan olan Mübariz İbrahimov şəhid olub. Onun meyiti neytral ərazidə qalıb.
"Azərbaycan parlamentariləri Dağlıq Qarabağ problemi üzrə çıxışa ciddi hazırlaşırlar",- Muradova deyib.
ATƏT-in Parlament Assambleyasının 19-cu sessiyası iyulun 6-10-da Norveçin paytaxtı Osloda təşkil olunacaq. Sessiyanın əsas müzakirə mövzusu "Qanunun üstünlüyü: transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə" olacaq.