Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, şəhid Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillərin avqustun 2-də ermənilər tərəfindən internetdə yayılması beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycan tərəfi dəfələrlə və təkidlə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama verib.
"Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ayyarım müddətində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdikləri sorğulara yalan cavab verməkdən də çəkinmədi", - Abdullayev vurğulayıb.
Nazirlik sözçüsü bildirir ki, İbrahimovun meyiti olduğu iddia edilən şəkillərin internetdə yayılması ilə onlar riyakarlıqlarını bir daha nümayiş etdirdilər.
Abdullayev beynəlxalq qurumların şəkil məsələsini nəzarətə götürüb, araşdırmaları intensivləşdirəcəyinə ümidvar olduğunu bildirib.
Rəis müavini qeyd edib ki, nazirlik şəhidimizin meyitini almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək.
İyunun 18-də Ermənistan silahlı qüvvələrinin hücumu zamanı 4 erməni hərbçisi öldürülüb, 4-ü isə yaralanıb. Azərbaycan tərəfdən isə Millli Ordumuzun giziri, Biləsuvar rayonundan olan Mübariz İbrahimov şəhid olub. Onun meyiti neytral ərazidə qalıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası şəhid olmuş Azərbaycan gizirinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib.
BQXK Ermənistan hakimiyyətinə İbrahimovun meyitinin qaytarılması ilə bağlı müraciət etsə də, qarşı tərəf gizirin meyitinin onlarda olmadığını bildirmişdi.
İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahimova "Milli Qəhrəman" adı verilib.