...

Azərbaycanda "Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." adlı filmin təqdimat mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2010 14:09 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çərşənbə axşamı "Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." adlı filmin təqdimat mərasimi keçirilib.
Azərbaycanda "Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." adlı filmin təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çərşənbə axşamı "Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." adlı filmin təqdimat mərasimi keçirilib.

"Filmdə münaqişənin ilkin tarixindən geniş bəhs edilib, proseslərin tam mənzərəsi göstərilib", - bunu SAM direktoru Elxan Nuriyev filmin çərşənbə axşamı keçirilən təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bütün janrlardan istifadə olunmalıdır.

Filmin müəllifi, millət vəkili Həvva Məmmədova tədbirdə deyib ki, bu kimi filmlər işğal olunmuş hər kəndimiz, qəsəbəmiz haqqında çəkilməlidir.

"35 dəqiqəlik film ingilis dilinə tərcümə olunub və digər dillərə də tərcümə olunması gözlənilir", - o bildirib.

Millət vəkilinin fikrincə, bu gün dünya şahidlərin dili ilə yaşayır və Dağlıq Qarabağ münaqişəsini görmüş insanlar bildiklərini digərləri ilə paylaşmalıdırlar.

"Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar..." filminin rəyçisi, millət vəkili Rəbiyyət Aslanova təqdimat mərasimində bildirib ki, hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz mövqeyini ortaya qoymalıdır. Aslanova bildirib ki, son 20 ildə Azərbaycan tarixi yenidən yazılır və bu tarixdə bu cür filmin yeri xüsusidir.

Filmin təqdimatı zamanı millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, bu film gənclərə, gələcək nəsillərə mesaj verir ki, hər kəs Dağlıq Qarabağ məsələsi ilə bağlı əlindən gələn işi görsün.

"Film, ilk öncə, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları vasitəsilə xaricdə yaşayan həmvətənlərimizə çatdırılmalıdır ki, onların münaqişə barədə məlumatları çoxalsın", - Paşayeva bildirib.

Onun sözlərinə görə, Qarabağ davası bizim şərəf, ləyaqət davamızdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti