...

Jerar Depardye Dağlıq Qarabağa səfər etməyi planlaşdırmır – səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2010 11:39 (UTC +04:00)
Məşhur fransız aktyoru Jerar Depardye Dağlıq Qarabağa səfər etməyi planlaşdırmır.
Jerar Depardye Dağlıq Qarabağa səfər etməyi planlaşdırmır – səfirlik

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir S.Ağayeva/

Məşhur fransız aktyoru Jerar Depardye Dağlıq Qarabağa səfər etməyi planlaşdırmır.

Bir az əvvəl erməni KİV-in məşhur fransız aktyoru Jerar Depardyenin "Karot" festivalında iştirak edəcəyi barədə dərc olunan məlumatı şərh edən Azərbaycanın Fransadakı Səfirliyi dəqiqləşdirib ki, fransız aktyoru həqiqətən də erməni tərəfinin dəvəti ilə festivalın işində iştirak etməyi planlaşdırır. "Bununla yanaşı, əlbəttə ki, söhbət onun Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa səfər etməsindən gedə bilməz", - cümə axşamı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Trend-ə bildirib.

Məşhur fransız aktyoru Jerar Depardye üçüncü beynəlxalq "Karot" festivalına gələcəyini vəd edib. Festival bu il ilk dəfə olaraq Ermənistanda və Daqlıq Qarabağda keçiriləcək. Bu barədə erməni KİV erməni mədəniyyətinin inkişafı fondunun və festivalın prezidenti Metsi İgidyana istinadən məlumat verib. Festivalın açılışı sentyabrın 2-də Xankəndidə nəzərdə tutulub.

Səfir bildirib ki, beləliklə, cənab Depardye sentyabrın 2-də Xankəndidə festivalın açılışında iştirak etməyəcək, yalnız festival təşkilatçılarından uğurlu yaradıcılıq karyerasına görə mükafatı almaq üçün sentyabrın 3-də axşam Yerevana gələcək.

Bundan əvvəl Azərbaycan XİN səfirliyə müraciət edərək, fransalı aktyorun Azərbaycan hakimiyyətinin müvafiq icazəsi olmadan işğal edilmiş Azərbaycan ərazilərinə ehtimal olunan səfəri haqqında izahatla bağlı müraciət etmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti